11.04.2025
Dünəndən bu günə tərcümə sənətinin tarixi

Tərcümə sənəti bir dildə ifadə olunan fikrin digər bir dilin imkanları daxilində mənasını, üslubunu və ruhunu qorumaqla çatdırılması prosesidir. Ən qədim zamanlardan günümüzə qədər yol qət etmiş, müxtəlif dillər və mədəniyyətlər arasında körpü rolunu oynamış bu sənət yazılı və şifahi şəkildə formalaşmışdır.  

Yazılı tərcümə ənənəvi və ən geniş yayılmış tərcümə növüdür. Bu növə ədəbi, elmi, texniki, hüquqi və iqtisadi mətnlərin tərcüməsi daxildir. Ədəbi yazılı tərcümə tərcüməçinin yaradıcılıq qabiliyyətini ön plana çıxarır. Məqsəd orijinal mətnin bədii-estetik xüsusiyyətlərini və emosional təsir gücünü qoruyaraq yeni dil və mədəni mühitdə təqdim etməkdir. Elmi və texniki yazılı tərcümə dəqiqlik, terminoloji düzgünlük və məntiqi ardıcıllıq tələb edir. Bu sahədə çalışan tərcüməçilər müvafiq sahə üzrə fundamental biliklərə malik olmalıdırlar. Hüquqi və iqtisadi yazılı tərcümə ciddi normativ və hüquqi tələblərə cavab verməlidir. Məlumatların yanlış tərcüməsi hüquqi nəticələr doğura biləcəyi üçün bu sahədə məsuliyyət yüksəkdir.

Yazılı tərcümənin tarixi ta qədim zamanlara, e.ə III minilliyə təsadüf edir. Belə ki, həmin dövürdə indiki İraq ərazisi hesab edilən Qədim Mesapotomiyada Şumer və Akkad dillərində mövcud olmuş dini mətnlərin bir dildən digərinə çevrilməsi ilə həyata keçirilmişdir. Sözügedən yazılar gil lövhələr üzərində mixi yazı ilə yazılmışdır. Yazılı tərcümənin ən qədim nümunələrindən biri isə e.ə 196-cı ildə yazılmış Rosetta daşıdır. Həmin daşın üzərində qədim Misir heroqlifləri, demotik (sadələşdirilmiş Misir yazısı) və qədim yunan dilində qeydlər öz əksini tapmışdır. E.ə III əsrdə yəhudi müqəddəs kitabı Tövratın yunan dilinə tərcüməsi (Septuaginta) yazılı tərcümənin inkişafının göstəricilərindəndir. Bu tərcümə yunan dilində danışan yəhudilərə dini mətnlərin başa salınması üçün həyata keçirilmişdir. Antik və orta əsrlər dövründə də yazılı tərcümə xüsusi əhəmiyyətə malik idi. Belə ki, Roma imperiyasında yunan ədəbiyyatının latın dilinə çevrilməsi, Çində buddist mətnlərin hind dilindən çin dilinə tərcüməsi və Ərəb xilafəti dövründə, xüsusilə, Abbasilər sülaləsi zamanında Bağdada “Bəytül-Hikmə” adlı elm mərkəzində yunan, hind və fars dilində olan fəlsəfi əsərlərin ərəb dilinə tərcüməsi yazılı formada həyata keçirilmişdir. XX əsrdən başlayaraq, tərcümə nəzəriyyəsi elmi sahə kimi formalaşmışdır.

Bundan başqa, Azərbaycanda ilk yazılı tərcümələr dini və elmi mətnlərin ərəb və fars dillərindən Azərbaycan türkcəsinə çevrilməsi ilə başlamışdır. VII əsrdən etibarən İslamın Azərbaycanda yayılmasından sonra ərəb dili elmin və dini biliklərin əsas daşıyıcısana çevrilmişdir. Yerli əhali ərəb dilini öyrənir və dini mətnləri anlamaq üçün tərcümələrə ehtiyac duyurdu. Fars dilindən Azərbaycan dilinə tərcümələr, xüsusilə, XIV-XV əsrlərdə daha geniş yayılmışdır. Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi klassiklərin əsərlərində bu özünü daha çox biruzə vermişdir. Azərbaycanda tərcümə fəaliyyəti yalnız dini və ədəbi sahələrlə məhdudlaşmırdı. Belə ki, dövlət və mədəniyyət səviyyəsində də yazılı tərcümədən geniş istifadə edilmişdir. Şirvanşahlar dövründə, xüsusilə, XIII-XIV əsrlərdə saraylarda tərcüməçilər fəaliyyət göstərirdi. Yazılı tərcümələr, eyni zamanda, astronomiya, tibb, riyaziyyat və fəlsəfə kimi elm sahələrində də geniş yayılmışdır.

Tərcümənin ən əsas növlərindən biri isə şifahi tərcümədir. Şifahi tərcümə dedikdə danışığın canlı şəkildə bir dildən digərinə çevrilməsi nəzərdə tutulur. Fərqli dillərdə danışan toplumların yaranması ilə şifahi tərcümə sənətinə xüsusi ehtiyac yaranmışdır. Yazılı tərcümə kimi ilk şifahi tərcümə nümunələrinə də e.ə III minillikdə Qədim Mesopotomiyada və Misirdə rast gəlinmişdir. Sözügedən ərazilərdə saraylarda şifahi tərcüməçilər fəaliyyət göstərmişdir. E.ə V əsrdə yunan tarixçisi Heredot bəzi diplomatik görüşlərdə “dilbilənlər”in - yəni tərcüməçilərin iştirak etdiyini qeyd etmişdir. Şifahi tərcümə Roma imperiyası və Qədim Çin dövründə daha da geniş vüsət almışdır. Ticarət və diplomatik əlaqələrin inkişafı buna xüsusi təsir göstərmişdir.

Müasir dövrümüzdə isə şifahi tərcümə simultan (sinxron) formada ilk dəfə 1945-ci ildə Nürnberq tribunalında, İkinci Dünya müharibəsindən sonra nasist liderlərinin mühakiməsində istifadə olunmuşdur.

Ölkəmizdə də şifahi tərcümədən istifadənin tarixi qədim zamanlara təsadüf edir. Belə ki, Azərbaycanda şifahi tərcümə e.ə IV əsr – b.e VII əsri Albaniya dövrü, VII-X əsrlər İslamın yayılması dövrü, XVI-XVIII əsrlər Səfəvilər dövrü, XIX əsr Çar Rusiyası dövrü və XX-XXI əsrlər Sovet dövrü və müasir dövr olmaqla 5 mərhələdən ibarətdir. Sovetlər Birliyi dövründə tərcüməçilik rəsmi peşəyə çevrildi və universitetlərdə tərcüməçi kadrlar hazırlanmağa başlanmışdır. Digər coğrafi məkanlarda olduğu kimi ölkəmizdə də şifahi tərcümədən beynəlxalq tədbirlər, elmi konfranslar, diplomatik görüşlər və məhkəmə proseslərində istifadə edilir.

Qafqaz regionu üzrə ekspert, tərcüməçi

Həsən Əhmədov